Qurban Qurbanov: "Matçın əvvəlində taktiki savaş getsə də, sonradan döyüşə çevrildi"

01:20 28 İyul 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib. O, 2:2 hesabıyla bitən matçdan (ilk oyun 3:2) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu oyundan və futbolçularımdan çox danışmaq olar. Onları bağrıma basır, hər birini təbrik edirəm. Meydanda təkcə oyun yox, yaxşı mübarizə, "Qarabağ"a layiq inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi. Mən hər zaman öz oyunçularımı döyüşçü adlandırıram. Matçın əvvəlində taktiki savaş getsə də, sonradan döyüşə çevrildi".
 
50 yaşlı mütəxəssis qalibiyyətə layiq olduqlarını bildirib: "Bizə uyğun olmayan rəqibə qarşı oynadıq. Topun havada çox olması bizim üçün xoş deyildi. Amma komandam bunu bacardı. Bütün azərbaycanlıları təbrik edir, "Sürix"ə isə gələcək oyunlarda uğurlar arzu edirəm".
 
"Bir az gərgin dəqiqələr idi. Onlara hər şeyi futbol dilində anlatdıq. Oyunçularıma güvənirdim. Belə matçlar bizi daha da böyüdür. Bəzən uduzsaq belə, məyus olmuram. Çünki futbolun maraqlı anlarından biridir. Bu cür anları baş məşqçi, futbolçu kimi yaşamaq lazımdır. Fasilədə futbolçularımın yanında olduğumu dedim və bəzi tapşırıqlarımı verdim. Rəqibin hava ötürmələri zamanı daha diqqətli oynamalı olduğumuzu bildirdim. Epizodlara uyğun fikrimi bildirdim. Maraqlı oldu, böyük təcrübə qazandım".
 
Qurbanov zədəli futbolçular - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin durumuna da toxunub: "Medinanın zədəsi ciddiyə oxşayır. Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".


Digər xəbərlər

Xəbər xətti