AFFA-nın İcraiyyə Komitəsinin 15 iyul 2022-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA və PFL tərəfindən müvafiq meyarlar müəyyənləşdirilmiş, 18 iyul 2022-ci il tarixində ictimaiyyətin diqqətinə çatdırılmışdı.
Sportarena.az federasiyanın saytına istinadən xəbər verir ki, bununla əlaqədar, iyulun 25-dək (müraciətlər üçün müəyyənləşdirilmiş son tarix) "Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" klubları tərəfindən AFFA-ya müraciətlər ünvanlanıb və müvafiq qaydada araşdırılıb. Sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub.
Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023-cü illər mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.