“Qarabağ” Çempionlar Liqasının ən yaxşıları arasında yer alıb

13:07 28 İyul 2022

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb. "Qarabağ" qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.
 
Ağdam klubu 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə 3-cü təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç “Bodo Qlimt”i 12 qolla birinci, İslandiya “Vikinqur”u 10 qolla ikinci pillədə qərarlaşıb.
 
“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges də bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. “Bodo Qlimt”dən Viktor Bonifeys siyahıya başçılıq edir - 5.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ən çox hücuma çıxan komandalar arasında 5-cidir. Mübarizəyə 1-ci raunddan başlamış Azərbaycan çempionu 4 matçda ümumilikdə 52 hücum cəhdi edib. Bu göstəricinin lideri Bolqarıstan “Ludoqorets”idir – 59 cəhd.
 
“Qarabağ” künc zərbələrinin sayında liderdir. “Atlılar” geridə qalan matçlarda 30 dəfə kornerdən istifadə edib. Azərbaycan klubu turnirdə ən çox qayda pozan komandalar arasında da birincidir. 63 dəfə kobud oynayan futbolçular bunların 15-də sarı vərəqə ilə cəzalanıb. “Qarabağ” eyni zamanda ən çox faula məruz qalanlardandır. Qurbanovun yetirmələrinin 58 dəfə qarşısı kobudluqla alınıb. Komanda bu göstəricidə 3-cüdür.
 
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ən çox seyv edənlər arasındadır. 6 dəfə qapısını qoldan xilas edən qolkiper bu göstəricidə 4-cüdür.
 
"Qarabağ" 2-ci mərhələdə İsveçrə "Sürix"ini iki oyunun nəticəsinə görə, mübarizədən kənarlaşdırdı. Ağdam klubunun növbəti raunddakı rəqibi Macarıstan "Ferentsvaroş"u olacaq. 


Digər xəbərlər

Xəbər xətti