Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Azərbaycan təmsilçiləri - "Neftçi", "Qəbələ" və "Zirə" də cavab oyunlarını keçirib.
Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edib. Saat 20:00-da başlayan matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edib. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzub.
"Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkib. Saat 21:00-da start götürən qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olub. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2.
"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olub. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayıb. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyub. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qəbələ" - "Fehervar" cütünün 3-cü təsnifat mərhələsindəki rəqibi “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün güclüsü olacaq. "Neftçi" - "Aris" cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" - "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul
20:00. Qəbələ - Fehervar 2:1
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya).
Qəbələ şəhər stadionu
İlk oyun - 1:4
21:00. Neftçi - Aris 3:0
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya).
Bakı, "Bakcell Arena".
İlk oyun - 0:2
21:30. Makkabi (Təl-Əviv) - Zirə 0:0
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya).
Təl-Əviv, "Blumfild" stadionu.
İlk oyun – 3:0