Rusiyanın “Ximki” klubunun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamaq ehtimalından danışıb. 25 yaşlı futbolçu “Sport24.ru”ya açıqlamasında millidə oynaması üçün AFFA-nın konkret addım atmalı olduğunu deyib:
“Federasiya ilə daimi əlaqə saxlayıram, amma yekun təklif etməyiblər. Hər şey səthidir, konkret söhbət olmur. Belə çıxır ki, məni istəyirlər, amma heç nə etmirlər. Mənim üçün bir yerdə oturmaq, danışmaq, bir-birimizi dinləmək və ortaq nöqtəyə gəlmək lazımdır”.
Quliyev “Azərbaycan millisində oynamağa hazırsanmı” sualına da cavab verib:
“Mən ancaq konkret danışıqlardan sonra nəyin necə olduğunu biləcəyəm. İndi nə “hə”, nə də “yox” deyə bilərəm. Tələsik qərarlar vermək istəmirəm”
Bir müddət əvvəl AFFA-nın Quliyevi yığmanın növbəti matçlarına qədər milliləşdirmək istədiyi barədə xəbərlər yayılmışdı.