Azərbaycanın aparıcı şahmatçıları dünya reytinqində irəliləyib.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Cədvəldə Azərbaycan milli komandasının üzvlərindən Şəhriyar Məmmədyarov (2758 xal) 2 pillə, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyib. Məmmədyarov hazırda dünya reytinqində 10-cu, Rəcəbov 15-ci yeri tutur.
Kişi şahmatçılarımızdan ilk "yüzlük"də Azərbaycanın daha iki təmsilçisi yer alıb. Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov (2656 xal) isə 93-cü pillədə qərarlaşıblar.
Siyahıya əvvəlki kimi, norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədir.
Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə yer alıblar.
Qadınların reytinq cədvəlinə Çinli Hou Yifan (2650 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.