Çərşənbə günü Bakıda təkcə Azərbaycan və Macarıstan çempionları - “Qarabağ”la “Ferentsvaroş” yox, həm də MDB məkanının kifayət qədər tanınan iki məşqçisi - Qurban Qurbanovla Stanislav Çerçesov üz-üzə gələcəklər.
Komandaların bir-biri ilə qarşılaşacağı bilinəndən sonra hər kəsin marağına səbəb olan əsas məqam da məhz Qurbanov - Çerçesov duelindən kimin qalib ayrılacağıdır.
İki məşqçini kifayət qədər yaxından tanıyan şəxs var. Bu, uzun illər Rusiya Premyer Liqasında “Lokomotiv” (Moskva), “Dinamo” (Moskva), “Mordoviya”, “Anji”, “Rostov” kimi komandaları çalışdırmış, 2013/14 mövsümündə “Qəbələ”yə rəhbərlik etmiş Yuri Syomindir.
Sports.az məşhur məşqçini Moskvada tapıb.
75 yaşlı mütəxəssislə söhbətin məğzi “Qarabağ” – “Ferentsvaroş”, Qurbanov – Çerçesov duelləri olsa da, müsahibə fərqli mövzulara da yönəldi.
- Xeyli vaxtdır danışmırıq sizinlə. Necəsiniz?
- Hər şey yaxşıdır. Moskvadayam, evimdə dincəlirəm.
- Bildiyimizə görə, işsizsiniz...
- Hələ ki, hə. İctimai işlərlə məşğulam. Görək necə olacaq.
- Çiyinlərində illərin təcrübəsini gəzdirən mütəxəssis nə əcəb işsizdir?
- Yaxşı təklif olacaq, işləyəcəm. Olmayacaq, oturub gözləyəcəm, ictimai fəal kimi davam edəcəm.
- Azərbaycanı xatırlayırsınız? Xatirələr yadınıza düşür?
- Əlbəttə. Möhtəşəm günlərim olub “Qəbələ”də, Azərbaycanda. Onları unutmaq olar? Futbolu bilən insanlarla yaxşı işlər gördük, nələrəsə nail olmağa çalışdıq, dostluğu bacaran dostlar qazandım.
- 2014-cü ildən sonra Azərbaycana gəlməmisiniz?
- Yox, o vaxtdan gedənəm. Amma getmək, gəzmək, dincəlmək, dostlarla görüşmək lazımdır. Yaydır, indi Qəbələnin gözəl vaxtıdır. Nəsib olsa, mütləq Azərbaycana səfər edəcəm.
- Buradakı insanlarla əlaqəniz var?
- Təbii ki. Danışırıq, zəngləşirik.
- Sirr deyilsə, kimlərlə?
- Hamının adını bir-bir çəkmək istəmirəm. O vaxt “Qəbələ” rəhbərliyində kimlər var idisə, demək olar, hamısı ilə əlaqəm var. Lazım olanda əlaqə yaradırıq. Bizim hər zaman gözəl münasibətimiz olub, indi də var.
- Bu illər ərzində Azərbaycan klublarından təklif almısınız?
- Yox-yox, olmayıb. “Qəbələ”dən sonra mütəmadi işləmişəm axı, işsiz qalmamışam. İşləyən adama niyə təklif göndərsinlər ki?
- Yenidən Azərbaycanda işləmək istərdiniz?
- Niyə də yox?! Sərfəli təklif olandan sonra niyə işləməyim? Maraqlı layihə olsa, qəbul edərəm.
- Sərfəli təklif deyəndə işin maliyyə tərəfini nəzərdə tutursunuz?
- Elə deməzdim. Uğur qazanmaq üçün milyonlara gərək yoxdur. Vacib olan klub rəhbərliyinin səndən nə istəməsi və klubun buna şərait yaratmasıdır. Söhbət hədəfdən və şəraitdən gedir.
- “Qarabağ”la Qurban Qurbanovu da xatırlayırsınız, yəqin.
- Onları unutmaq olar? Qurban Qurbanov bu gün kifayət qədər tanınan məşqçidir. “Qarabağ”ın Azərbaycanda və Avropada etdikləri onu məşhurlaşdırıb. Fikrimcə, ölkənizin ən yaxşı məşqçilərindən biridir.
- Təkcə Azərbaycanın, yoxsa MDB ölkələrinin də?
- Əlbəttə. 10 ildən çox bir komandada işləmək, ölkə çempionluğunu heç kimə verməmək, avrokuboklarda mütəmadi uğur qazanmaq – bunlar hər məşqçiyə qismət olmur. Qurbanovun qiyməti bahadır. Ona ilk növbədə cansağlığı arzulayıram.
- “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibinin adını bilirsiz?
- Bilirəm, bilirəm, “Ferentsvaroş”la düşüblər (gülür).
- Güldünüz...
- Qurbanovla Çerçesovu mübarizə meydanında görmək maraqlı olacaq, ona görə.
- Bu barədə eşidəndə reaksiyanız necə oldu?
- Onda da gülümsədim. İlk növbədə hər ikisini bu mərhələyə qədər gəlib çıxdıqlarına görə təbrik etmək lazımdır. İndi də qrupa düşmək üçün mübarizə aparırlar. Bərabər səviyyəli iki komanda oynayacaq. Maraqlı və gərgin oyun izləyəcəyik. Cütün taleyini oyuna yanaşma həll edəcək. Hansı daha yaxşı hazırlaşsa, o da qalib gələn tərəf olacaq.
- Şansları necə dəyərləndirirsiz?
- Bərabər, 50-nin 50-yə. Hər ikisi eyni gücdədir.
- Güc nisbətləri eynidir deyirsiniz, şansları bərabər qiymətləndirirsiniz. Maraqlıdır, baş məşqçilərin mübarizəsində hansı daha təcrübəlidir? Üstünlüyü hansına verirsiniz?
- Hər ikisi ağıllı, işini bacaran, təcrübəlidir. Birini digərindən ayırmıram, ikisi də bacarıqlıdır, ikisinin də işini bəyənirəm.
- Hər ikisinə qarşı oynamısınız. Hansına qarşı komanda hazırlamaq daha çətin olub? Və ya birini digərindən fərqləndirən cəhətlər nədir?
- Mən Çerçesovu çox udmuşam, nəinki Qurbanı (gülür). Bir il Azərbaycanda işlədim, neçə dəfə üz-üzə gəldim, “Qarabağ”ı uda bilmədim.
- Ölkə kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdınız, deyəsən.
- Hə, kubokda məğlub etmişdik onları (“Qəbələ” ölkə kubokunun dörddəbir final mərhələsində iki oyunun nəticəsinə görə “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı – 0:0, 2:1 – red.). Amma çempionatdakı oyunların hamısını uduzmuşduq (dörd oyun - 0:1, 3:4, 0:1, 0:3 – red.). Mənim yadımda məğlubiyyətlər daha çox qalıb. Statistika var da sizdə, baxıb dəqiqləşdirərsiniz.
- Hansı komandaya azarkeşlik edəcəksiniz?
- İkisinə də. Ən əsası - baxımlı və maraqlı futbola.
- Azərbaycanda sizi tanıyanlara, sevənlərə sözünüz var?
- Hamıya salam göndərirəm və xoş günlər arzulayıram. İstər futbolda olsun, istər ailədə - fərq etməz. Azarkeşlərə komandalarını sevməyi, stadiona getməyi, dəstək verməyi tövsiyə edirəm. Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyəyə yüksəlib. “Qarabağ” hər il qrupa düşür, “Neftçi” “Rapid”i Bakıya gəlməyə məcbur edir. Bunlar zarafat deyil.
Şəxsən tanıdığım dostlarıma ən qısa zamanda görüşəcəyimizi demək istəyirəm. Ümid edirəm, yenidən bir yerdə oturub danışacaq, deyib-güləcəyik. Kazbek Tuayevə salam göndərirəm. Necədir?
- Yaxşıdır, sağ-salamatdır, işləyir.
- Lap yaxşı, təki sağlıq olsun. Çox aktiv adamdır, iş görməyi sevir.