"Məndə hər hansı həyəcan yoxdur" - Qurban Qurbanov

18:29 2 Avqust 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. O, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Yaxşı komandaya qarşı oynayacağıq. Stanislav Çerçesov təcrübəli baş məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Ona görə də çox diqqətli olmalıyıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçularımızın üstünə böyük iş düşəcək. İnanıram ki, bacaracaqlar”.
 
50 yaşlı mütəxəssis son günlərdə mətbuatdan uzaq olmağa çalışdığını bildirib: "Gördüm ki, Çerçesovla mənim haqqımda çox fikirlər səsləndirilir. Bəlkə də maraqlı qarşılaşmadır. Məndə hər hansı həyəcan yoxdur. Əksinə, yaxşı komandalara qarşı oynamaq mənim üçün yaxşı olur. Həm təcrübəmi, həm də potensialımı artırmaq baxımından önəmlidir. Bu, gələcək düşüncələrimiz üçün də maraqlı qarşılaşma olacaq”.
 
O, Premyer Liqanın ilk turunda keçirəcəkləri matçın təxirə salınması üçün PFL-ə müraciət etmədiklərini söyləyib: "AFFA-dan bununla bağlı maraqlandılar. Amma ehtiyac olmadığını bildirdik. Çünki bəzi futbolçularımıza da şans vermək istəyirik. Bəli itkilərimiz var, amma futbol mübarizə tələb edir. Çempionlar Liqasının adı daha böyükdür. Burada çox enerji itirirsən. Hələ ki, oyunumuzu təxirə salmaq fikrimiz yoxdur”.
 
Qurbanovun sözlərinə görə, "Ferentsvaroş" bu mərhələyə gəlib çatıbsa, deməli, daha yaxşı formadadır: "Amma bu raundu keçən tərəf daha yaxşı vəziyyətdə olacaq. Burada ölkələrin çempionları oynayır. Macarıstan çempionatı bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmalıyıq. Çox balanslı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Biz də bura kimi gəlmişiksə, deməli, gücümüz var. Layiqli mübarizə aparmağa çalışacağıq".
 
Təcrübəli mütəxəssis bu mərhələdən etibarən VAR sistemindən istifadə olunmasına da münasibət bildirib: "Bizim üçün oyunda bir neçə element varsa, onlara əməl etməyə çalışırıq. VAR sisteminin olması, əlavə üstünlükdür. Belədə heç nə gözdən qaçmır. Hər epizodda oyunçularım daha diqqətli olmalıdırlar. Bu, futbolçular üçün ilk oyundan əlavə yükləmə olacaq. Amma getdikcə daha çox faydası dəyəcək. Sabah kim layiqdirsə, o da qalib gəlsin. İnanıram ki, oyunda ədalətli qərarlar veriləcək. Hətta bəzən VAR sistemində də fikirlər üst-üstə düşmür. Maraqlı olacaq. Bu da futbolun əlavələrindən biridir. Vaxt ötdükcə yeniliklər olur. İnanırıq ki, ədalət öz yerini tapacaq”.
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçına saat 20:00-da start veriləcək. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.


Digər xəbərlər

Xəbər xətti