"Dünən də demişdim ki, topla yaxşı davranan komandaya qarşı oynayacağıq. Həm müdafiədə, həm də hücumda bunu bacarırlar. Get-gedə oyunu ələ ala bildik. Ən çox mübarizə apardığımız matç oldu. Hər şey cavab oyununda bilinəcək. Bu istək və əzmlə çalışacağıq. Çalışacağıq ki, bu mərhələni keçək. Möhtəşəm azarkeşlərimizə də təşəkkür edirəm".
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la ilk oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Demək olarmı ki, VAR-a görə bu dəfə də bəxtiniz gətirmədi?
- Bəzən belə hallarda insan rahat olur. Əlavə fikirlər yaranmır. Mən inanmaq istəyirəm ki, orada da belə düzgünlük olsun.
- Kadi Borgesin yeri görünürdü?
- Buna nəsə deməyim düzgün çıxmaz. Meydanda olan futbolçular tapşırığı maksimum yerinə yetirdilər, onun yoxluğunu o qədər də hiss etdirmədilər. Sadəcə, sağlam oyunçu çox olanda rotasiya etmək imkanım olur, variantlar geniş olur.
- Mətbuat konfransı bitən kimi, rəqibin baş məşqçisi Stanislav Çerçesov Filip Ozobiçlə görüşdü və ona heyranlığını bildirdi. Sizcə, o, Ozobiçi öz komandasında görmək istəyər?
- Futbolçuma xoş sözlərin deyilməsi mənim üçün xoşdur. Komandasında görmək istəyər, ya istəməz, bu barədə fikir deyə bilmərəm.
- Ən vacib məqamlarda futbolçular topu geri ötürürdülər...
- Bəzən özümüz meydanda olmalıyıq ki, futbolçuların nəyə əsasən qərar qəbul etdiklərini bilək. Biz geriyə nadir hallarda oynayırıq. Sadəcə, həmin anlarda rəqib müdafiəni yaxşı bağlamışdı. Həm də matçın sonları idi, yorğunluq var idi. Ola bilsin ki, buna görə özünəinam azalsın. İlk oyun idi, məğlub olmamışıq. Bu epizodlar futbolun bəzən görünən hissələrindən biri idi.
- Bu gün gərgin matçdan sonra həftəsonu Premyer Liqanın 1-ci turunda "Səbail"lə keçiriləcək oyunun təxirə salınması üçün müraciət etməmək qərarında qətisiniz?
- Qərar vermişik, şənbə günü oyunumuzu keçirəcəyik.
- Çerçesov oyundan sonra sizə əsəbi halda nəsə dedi və getdi. Orada sizə nə dedi?
- Çerçesov Ovusunun epizodundan danışırdı. Kiçik dialoq oldu. Emosiyalara görə, elə görünürdü ki, hirslənmişdi. Amma hirslənməmişdi. Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq.
- Bu mövsüm 5 oyunun 4-də ilk qolu buraxmısınız. Komandanın ayılması üçün qol buraxması lazımdır?
- Yatmışdı ki komanda? Biz dırnaqarası danışmırıq. Nə var, onu deyirik. Hava isti, oynamaq çətin idi. qarşımızdakı rəqib də sıradan komanda deyildi. Futbolçularım da, qapıçım da ayıq oynayır. Çalışırıq ki, futbolçularımız tam ayıq şəkildə oyunlara hazırlaşsınlar. Bu rəqibin reytinqi də, çempionatları da bizdən yuxarıdır. Biz də çalışırıq, qol buraxmayaq, qol vuraq. Ancaq rəqibin ustalığını da nəzərə almaq lazımdır. Bilmədiyimiz, görmədiyimiz elementlər hazırlayırlar. Qol buraxsaq da, sınmayaraq rəqibin üzərinə gedirik. Elə oyun göstəririk ki, 5:0 uda da bilərik, 0:5 uduza da. Bu futbolçular yatmırlar, qalib gəlmək üçün bacardıqlarından daha artığını edirlər. Azarkeşlərimiz üçün baxımlı oyun göstərmək istəyiriksə, qol buraxmağımız da normaldır.
- "Sürix"lə son oyunla müqayisədə 6 dəyişiklik olmuşdu. Belə vəziyyətdə heç-heçəni ədalətli nəticə saymaq olar?
- Ədalətli nəticə idi. "Ona görə yox ki, bu gün bəzi futbolçularımız meydanda yox idi. Qarşıda daha bir görüş var.
- Mərhələ adlamaq şansınızı neçə faiz görürsünüz?
- Şanslar əvvəlkitək bərabərdir.
- İsveçrədəki oyunun əlavə vaxta getməsi bugünkü matçın nəticəsinə təsir etdimi?
- Ola bilər ki, təsiri oldu. Futbolçularım orada çox böyük güc sərf etdilər. Belə olduğu halda onların bərpa olması çox vaxt aparır. Amma bir o qədər hiss eləmədim. Yalnız sona yaxın hiss olunurdu. Heç-heçəyə səbəb kimi bunu göstərməzdim.
- Maksim Medvedev cavab oyununa yetişəcək?
- Hələ bilmirik. Zədəsi elədir ki, nə vaxta bərpa olunacağını demək çətindir.
- Cavab matçını ölüm-dirim mübarizəsi saymaq olar?
- Əgər şansımız bundadırsa, buradakından daha çox və yaxşı mübarizə aparmalıyıq. Məğlubiyyəti düşünmürük. Amma uduzsaq belə, dünyanın sonu deyil. Əksinə, futbolda belə şeylərə hazır olmalısan. Çempionlar Liqasında hər ölkənin çempionları çıxış edir. Sadəcə, bizə buradakından daha çox güc düşəcək.
- Bu gün Azərbaycanın şəhid verməsi, antirerror əməliyyatı həyata keçirməsi, sizə təsir göstərdi?
- İsinmə hərəkəti zamanı bunu eşitdik, çox üzüldük. Allah rəhmət eləsin. Bir neçə müddətdən sonra bunu eşitmək xoş deyil. Bəzi hallar var ki, özümüzü düzgün idarə etməyə çalışmalıyıq. Belə məqamlar həmişə bizi üzür. Bunun mənə təsiri həddən artıq böyükdür. Çox şəhidlərimiz olub. Bizim burada rahat oturub danışmağımıza səbəbkar onlardır. Bunun hər birimizə təsiri var. Oyunun gedişatında ola bilsin ki, hansısa oyunçu eşitmədi. Amma azərbaycanlıların hamısı bilirdi. Görüşdən sonra hamı bildi. Buradakı əcnəbilərin də hər biri çox üzüldü. Onların hamısı daim bizimlədir. Çox istərdim ki, bir daha şəhidimiz olmasın. Onların ailələrinə səbir diləyirəm.
- Rusiyalı mütəxəssislər matçdan əvvəl Çerçesovun komandasını favorit sayırdılar. Sizcə, bu nədən qaynaqlanırdı?
- Deməzdim ki, bizi zəif hesab edirlər. Əlbəttə, onlar yerlilərinin qalib gəlməsini istəyirlər. Sadəcə, bu fikirlərə qapılmalı deyilik. 11 oyunçunun meydanda düşüncəsi eyni olmalıdır. Daim özümüzü matçın içində hiss etməliyik. Bu cür fikirlərin bizə heç bir təsiri olmur. Öz həmyerliləridir, normal haldır. İnanıram ki, siz də bizə güvənirsiniz.