Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la ilk oyundan (1:1) sonra mətbuat konfransı keçirib.
- "Qarabağ"ın bəzi futbolçularının yoxluğunun fikrimcə, onların oyununa mənfi təsiri yox idi. Ancaq yenə də onların tam gücü barədə cavab görüşündən sonra danışmaq olar. Rəqibin evdə oynaması və azarkeş amilini qeyd etmək lazımdır. Bu səbəbdən bəzi anlarda geri çəkilirdik. Ancaq bu, o demək deyil ki, tam olaraq müdafiədə oturmuşduq. Bundan əlavə, hava şəraitinin də oyunumuza təsiri oldu. Ancaq bizim də 1-2 qol imkanımız oldu. Bu, onu göstərir ki, müdafiə futbolu göstərmədik.
- Komandanızın oyunundan, yoxsa nəticədən daha çox razı qaldınız?
- Var oyun, var nəticə. Komanda bütün lazımi sözləri məndən sabah eşidəcək. Elə şeylər var ki, öz aramızda danışırıq. Bu, ictimaiyyət üçün deyil. Deyəcəyim sözləri növbəti matçda nümayiş etdirəcəyik.
- Ramil Şeydayev vaxtilə Rusiya futbolunun gələcəyi hesab olunurdu. Onun bugünkü səviyyəsi sizi nə dərəcədə təəccübləndirir və enişini nə ilə izah edə bilərsiniz?
- Ramili çox yaxşı tanıyıram. Amma o, hazırda digər komandada çıxış edir. Ona görə də Şeydayevin çıxışını həmkarım dəyərləndirsə, daha yaxşı olar. Mənim onun oyununu şərh etməyim düzgün olmaz.
- Cavab matçı öncəsi şansları necə dəyərləndirərdiniz?
- 1:1 hesabı o deməkdir ki, Budapeştdə hər şey yenidən başlayacaq.
- Mövsümün əvvəli ilə müqayisədə komandanızın hazırkı oyunu barədə nə deyə bilərsiniz?
- Artıq 4-5 rəsmi oyun keçirmişik. Bir neçə çətin səfər matçlarına çıxdıq. Həm bizim, həm də "Qarabağ"ın heyətində artıq zədəli oyunçular var. Amma istənilən halda komandamı təbrik etmək istəyirəm. Çünki futbolçularım qarşıya qoyulan tapşırıqları yerinə yetirmək iqtidarındadır.