Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Rusiyalı mütəxəssis 1:1 hesabıyla başa çatan bu matçla bağlı ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Oyun zamanı havanın temperaturu 30 dərəcədən yuxarı idi. Yüksək rütubəti də nəzərə alsaq, özümüzü saunada hiss edirdik. Belə isti hava şəraitində komandamın xarakter göstərməsi məni məmnun etdi. Xüsusən də zədələrə görə bir anda iki mərkəz müdafiəçisini dəyişməli olduq. Məşqçilik karyeramda nə vaxtsa belə bir şeyin baş verdiyini heç xatırlamıram".
Çerçesov bu oyunda səhvlərə yol verdiklərini də etiraf edib: "Öz meydanında daha yaxşı çıxış edən rəqibin gücünə görə oyunun çətin keçəcəyi gözlənilirdi və belə də oldu. Meydana "Slovan"la matçdakı start heyəti ilə çıxsaq da, taktiki düzülüşdə bir qədər dəyişiklik etmişdik və əvvəlcə bizə böyük fayda gətirdi. Nəticədə layiq olduğumuz qolu vurduq. Ardınca isə lüzumsuz top buraxdıq. Harada səhvə yol verdiyimizi aydınlaşdıracağıq".
59 yaşlı baş məşqçi matçdan öncə və sonra həmkarı Qurban Qurbanovla, eləcə də "Qarabağ"ın futbolçusu Filip Ozobiçlə söhbətləşdiyini bildirib: "Əvvəllər Qurbanovla tanış deyildik. Final fitindən sonra isə hazırda "Qarabağ"da və Azərbaycan millisində oynayan xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə danışdım. Təqribən 10 il əvvəl onu Moskva "Spartak"ına aparan mən olmuşam".
Çerçesov matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda gözəl ab-havanın hökm sürdüyünü söyləyib: "Azarkeşlər evdə öz komandalarına dəstək olmağı bacarırlar. Uzun illər öncə özüm də bu arenada oynamışam. Ona görə də yadımdadır ki, burada qonaq komanda üçün nə qədər çətindir".
O, "Qarabağ"ı öz üslubu olan keyfiyyətli komanda adlandırıb: "Budapeştdə bizi daha bir çətin görüş gözləyir və həmişə olduğu kimi, tribunalarımızın möhtəşəm dəstəyinə ümid edirik".
Avqustun 9-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.