UEFA-dan “Qarabağ”ın rəqibinə sərt cəza

11:10 6 Avqust 2022

UEFA Macarıstan çempionu “Ferentsvaroş”u cəzalandırıb. Buna Budapeşt klubunun azarkeşlərinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Slovan”a qarşı oyununda (4:1) irqçi davranışları səbəb olub. Bu səbəbdən “Ferentsvaroş” 15 min avro cərimə ödəyəcək.
 
ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ev oyununda stadion azarkeşlər üçün qismən bağlı olacaq. “Qismən bağlanma” Budapeştdəki stadionun “B” tribunasında ən azı 1000 boş oturacaq deməkdir.
 
Bundan başqa, qərara əsasən, avqustun 9-da “Qarabağ”la keçiriləcək oyunda “Ferentavaroş” üzərində UEFA loqosu olan #NoToRacism yazısı olan pankart yerləşdirməlidir. Həmçinin UEFA yenə də irqçi davranışa görə macarlara komandanın avrokuboklarda növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmağı qadağan edib.
 
“Ferentsvaroş” azarkeşlərin atəşfəşanlıqdan istifadəsinə, sahəyə yad əşyalar atmasına, təhqiredici xarakterli təxribatçı qışqırıqlarına görə daha 50 min avro cəzalandırılıb. 30 gün ərzində macarlar Slovakiyadakı stadionda sınmış 20 oturacaq üçün “Slovan”a dəymiş ziyanı ödəməli olacaqlar.
 
Macarıstan çempionu sözügedən oyundakı davranışlarına görə UEFA-ya bütövlükdə 79 min avro cərimə ödəməlidir.
 
Xatırladaq ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferensvaros” arasında keçirilmiş ilk oyun 1:1 hesabıyla başa çatıb. Bu komandalar arasındakı cavab matçı isə ayın 9-da Budapeştdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti