"Futbolçularım çox əziyyət çəkdilər" - Qurban Qurbanov

01:39 10 Avqust 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una 3:1 hesabı ilə qalib gələrək (ilk oyun - 1:1) pley-offa adlamaları barədə danışıb.

O, səfərdəki cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdilər. Qalib gəlməyi çox istəyirdilər. Allaha şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Hesab bəlkə də bizi aldada bilər. Amma buna baxmayaraq, çox əziyyət çəkərək qalib gəldik. Çox yaxşı komandaya qarşı oynadıq. Bir şeyi qeyd edim ki, hesabın tam əksi də ola bilərdi. Çünki rəqibin də çox yaxşı qol imkanları var idi. "Ferentsvaroş"a uğurlar arzu edirəm. Öz futbolçularımın isə hər birini qucaqlayıram. Bütün Azərbaycanı təbrik edirəm".

Ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən Ağdam təmsilçisinin çalışdırıcısı minimum hədəflərinə çatıb-çatmadıqları ilə bağlı sualı bu cür cavablandırıb: "Biz bu gün ümumiyyətlə bu barədə düşünmürük. Mən dəfələrlə demişəm ki, bizim irəli getmək üçün nə qədər şansımız varsa, ondan maksimum yararlanmalıyıq. Biz bu gün rahat olub, desək ki, eybi yox, uduzsaq da, Avroliqanın qrupunu təmin etmişik, uduzmuş olarıq. Futbol hazırda elə bir səviyyəyə gəlib çatıb ki, hər il belə uğurları, qalibiyyətləri əldə etmək olmur. Çünki hər bir rəqib, hər bir ölkənin futbolu tam fərqli səviyyəyə gəlib çıxıb. Ona görə də bu gün şansımız varsa, bundan maksimum yararlanmağa çalışmalıyıq".

Q.Qurbanov "Viktoriya"ya (Plzen, Çexiya) qarşı pley-off oyununu Bakı Olimpiya Stadionunda keçirib-keçirməyəcəkləri barədə suala da cavab verib: "Hazırda buna cavab verə bilməyəcəyəm. Çünki bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda oynamışıq. Bu barədə yəqin ki, müzakirə etmək lazım olacaq. Bəlkə də birdən-birə stadionu dəyişdirib, BOS-a getmək düzgün olmaz. Ona görə hər bir halda Bakıda bu məsələni müzakirə edərik".

Qurbanov bildirib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörməti var: "Çerçesova böyük hörmətim var, O, çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik".

Qurbanov qeyd edib ki, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: "Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi".

Qeyd edək ki, "Qarabağ" pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. 


Digər xəbərlər

Xəbər xətti