"İnanmıram ki, "Xəzər Lənkəran" cameəsi məni günahlandırsın" - Qurban Qurbanov - MÜSAHİBƏ

12:44 6 İyun 2017

Sportarena.az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Report"a müsahibəsinin davamını təqdim edir:

 

İlk hissə bu linkdə: http://sportarena.az/news/65571/?n=l


"Hakim səhvlərindən ibarət diski Ramin Musayevə təqdim etmişəm" 


- Amma Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyir ki, sponsorlar bu gün sərmayə qoysalar, xərclədikləri pulu 3 ildən sonra götürə bilərlər. Bunu nə dərəcədə real sayırsınız?
- Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqda UEFA-dan gələn bonus ikiqat artır. Amma bunu bir komanda bacara bilər. O da gücü, potensialı olsa... Hələlik bizdə bu, çətindir. Amma çətindir deyə, işimizi dayandırmalı deyilik. İnkişaf etmək istəyiriksə, mütləq hansısa addımlar atmaq, dövlət səviyyəsində imkanlı şəxsləri futbola cəlb etmək, çempionatın səviyyəsini qaldırmaq və sabitlik yaratmaq lazımdır. Avroliqanın qrupunda oynamaqla kifayətlənməli deyilik. Bu gün biz itirə, uduza bilərik, çox şey əldə etmərik, amma bəhrəsini 3-5 ildən sonra görməliyik ki, uğurlarımız davamlı olsun.

 

- Ramin Musayev onu da deyir ki, çempionat ərzində hakimlikdən şikayətlənməsəniz də, ilboyu komandanızın əleyhinə olan hakim səhvlərinin video-görüntülərini mövsüm bitdikdən sonra disk halında aparıb ona verirsiniz...
- (gülür - red.) Hakimlik mövzusu çempionat bitəndən sonra da davam edir. Hər bir komanda əleyhinə kobud səhvlər olub. Elə vaxtlar olub ki, "Qarabağ" əleyhinə kobud səhvlər daha çox baş verib. Amma mən bunlara həmişə sadəcə, səhv kimi yanaşmışam. Baş məşqçi olaraq, bizim də nə qədər səhvimiz var. Bunlardan 5 - 10-u bağışlanmazdır. Bunlar o qədər də gözə görünmür, amma hakim səhvləri qabardılır, həddən artıq müzakirə olunur. Həmişə demişəm: Hakimlik ən çətin peşədir. İnsan üçün bundan artıq peşələrin sayı bir, ya iki olar. Hakimlərin əksəriyyəti gəncdir. Ümumiyyətlə, güclənmək üçün səhvləri təkrarlayaraq, o səviyyəyə çatmaq olar. Məgər futbolçu 5 oyunun hamısında yaxşı çıxış edə bilər? Niyə bir oyunda 3 qol vurur, daha sonra heç bir qol vura bilmir? O oyunçunun da üstünə gedə bilərik. Hakim meydanda 22 oyunçu, tribunada 5000 tamaşaçı, 20-30 jurnalist önündə oyun idarə etməli olur. Futbolçuların hərəsi isə bir ağılda, bir düşüncədədir. Ona görə də hakimlərə bir tərəfdən uğurlar arzulayıram, digər tərəfdən, hakimliyin çox məsuliyyətli peşə olduğunu demək istəyirəm. Təki hakimlər bilərəkdən kiminsə haqqına girməsinlər. Bilməyərəkdən edilən səhvlər isə düzələr. Düşünmürəm ki, hakimlərimiz bilərəkdən nəsə edirlər. Çünki çoxu gəncdir. Aralarında bircə Fariz Yusifovdur ki, oyunu ələ ala bilir. Bəzi oyunlarda səhvlər olur. Hərdən mən də futbolçu götürəndə onun istəkli, xarakterli olduğunu görərək, bəzi səhvlərinə, çatışmayan cəhətlərinə göz yumuram. Bilirəm ki, bir-iki ildən sonra daha böyük futbolçu, daha böyük insan ola bilər. Hakimlərimiz arasında da belələri var. Hər deyən insan çıxıb hakimlik edə bilməz. Özünü itirər, bacarmaz, həyəcanlanar. Bunlar asan iş deyil deyil.

 

- Hər halda səhvlərdən ibarət diski aparıb təqdim etmisiniz də...
- Olub belə bir şey. Bəzən bizə qarşı da səhvlər olur. Amma anında çox da üstünə getmirəm.

 

- Baş məşqçi kimi ən bağışlanmaz səhviniz nə olub?
- Bunu açıqlaya bilmərəm. Amma sonradan oyunu analiz edəndə görürəm ki, mənim də səhvlərim olub. Hətta udduğumuz oyunlarda da nəyinsə düşündüyüm kimi alınmadığını görürəm. Bunlar işimizin tərkib hissəsidir. Axı sən maketlərə qarşı oynamırsan. Qarşındakılar da insandırlar. Onlar da düşünür, oyun qururlar. Səhvlərimizi üzə çıxarmaq inkişafımız üçün faydalıdır.

 

- Elə ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiya "Viktoriya"sı ilə cavab görüşündə əvəzləmə edərək, Elvin Yunuszadəni meydana buraxmağınızı yanlış qərar adlandırdılar...
- Bəzən əvəzləmələrə o qədər də üzülmürəm. Çünki oyunun gedişatı bunu tələb edib. Elə olub ki, "Nə yaxşı bu əvəzləməni etdi, etməsəydi, komanda udmayacaqdı" deyiblər. Əvəzləmə qələbə və ya xal itkisinin təminatçısı deyil, futbolun qaydalarındandır. Etməsək, deyə bilərlər ki, bir dənə də əvəzləməyə əl atmadı. Əvəzləmə hər oyundan sonra müzakirə olunan mövzulardan biridir. Bu mənada mən belə fikirlərə o qədər də önəm vermirəm. Görürsən ki, əvəzləməyə zərurət var, edirsən. Bir oyunçu iki qol vurursa, o demək deyil ki, 90 dəqiqə meydanda qalmalıdır. Eləcə də 3:0 hesabı ilə qalib gəlməyin meydana mütləq müdafiəçi buraxmalısan deyə bir anlama gəlmir. "Viktoriya" bərabərlik qolunu vuranadək bizim 3 real qol imkanımız oldu. Miçel boş qapıya qol vura bilmədi. Belə çıxır ki, mən onu dəyişməli idim? Bəzən oyunçu dəyişiklikləri etməyi xoşlayıram. Amma o əvəzləməni bağışlanmaz səhv adlandırmaq düzgün olmazdı. Əksinə, "Viktoriya"nın qolunadək məsələni həll etmək lazım idi. Hər bir işdə xeyir var. Mən yenə naşükürlük etmirəm. Bunun əvəzini başqa vaxt çıxarıq.

 

"Bizim sponsorlar "Qarabağ"ı yenə eyni səviyyədə saxladıqları halda, onlara xəsis deməliyik?"

 

- Klub rəhbərliyi də çempionluqdansa avrokuboklarda uğurlu çıxışı, Çempionlar Liqasının qrup mərhələsinə düşməyi daha vacib saydığını bildirir. Belə fikirlər üzərinizdə basqı yaratmır?
- Xeyr. Çünki rəhbərliyi yaxşı tanıyıram. Nə Abdulbari Gözəl, nə Tahir Gözəl, nə Fevzihan Aras, nə də Əmrah Çəlikəl heç vaxt "Mütləq bu turnirin qalibi olmalıyıq" və ya "Mütləq Çempionlar Liqasının qrupuna düşməliyik" deyə fikir səsləndirməyiblər. Hamımız bir-birimizi yaxşı tanıyırıq. İşimiz, düşüncəmiz, hədəfimiz sağlam kollektiv, sağlam komanda yaratmaq, yaxşı insanlar, yaxşı oyunçular yetişdirməkdir. Təbii ki, hansısa turnirə qatılırıqsa, onun qalibi olmaq istəyirik. Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayırıqsa, minimum qrupa düşmək üçün addımlar atacağıq. Alınacaq-alınmayacaq, bu, başqa məsələdir. Təbii ki, qrupa düşməyi istəyirik. Kim istəməz ki?! Ola bilsin, fikirləri başqa cür anlaşılıb. Amma indiyədək rəhbərlikdən "Mütləq belə olmalıdır" deyən olmayıb. Ona görə də elə fikirlərə geniş rəy vermək istəmirəm.

 

- Bəzən "Qarabağ" rəhbərliyini "Transferlərə lazımi büdcə ayırmır" deyə xəsislikdə ittiham edirlər. Bu mənada, ola bilərmi ki, daha yüksək məbləğə futbolçu transfer edəsiniz?
- Ümumiyyətlə, "xəsisdirlər" kimi fikirlərlə razı deyiləm. Neçə illərdir "Qarabağ" bu səviyyədə qalıb. Bunu rəhbərlik edib. Ölkə birdən-birə böhran dövrünə düşdü və bir çox komanda dağıldı. Belə çıxır ki, klub rəhbərləri öz komandalarını xəsislikdən dağıtdılar? Bizim sponsorlar "Qarabağ"ı yenə eyni səviyyədə saxladıqları halda, onlara xəsis deməliyik?

 

- Belə fikirləri indi yox, əvvəllər daha çox səsləndirirdilər...
- Əvvəllər də deyirdilər, elə indi də deyirlər. Dəfələrlə belə fikirlər səsləndirilib. Biz hər şeyə real baxmalıyıq. Bu gün nə klub, nə çempionat, nə də ölkə olaraq, 5 milyonluq futbolçu gətirməyə gücümüz yoxdur. Amma yenə də yaxşı futbolçu transfer etməyə imkanımız var. Çalışırıq ki, qat-qat aşağı məbləğə və digər klubların transfer edə bilmədikləri oyunçu ilə güclənək. Digər klublara baxmaq lazımdır ki, niyə dağıldılar, niyə o səviyyəyə endilər, niyə elə vəziyyətə düşdülər? Bu büdcəni, bu səviyyəni sabit saxlayan rəhbərliyə xəsis demək yanlışdır. Sadəcə, elə futbolçular olur ki, Azərbaycan Premyer Liqası ilə maraqlanırlar, 8 komandanın oynadığını bilən kimi "Yəqin çempionatın səviyyəsi aşağıdır" deyə düşünürlər. Avropada 16, 18, 20 komandanın çıxış etdiyi liqalar var. Zatən, bacarığı, potensialı olan futbolçu Türkiyə, Rusiya, Belçika kimi ölkələrə gedəcək.

 

- Axı Azərbaycan klubunun heyətində avrokuboklarda oynamaq imkanı var...
- Məgər o klublar avrokuboklarda oynamırlar? Məsələn, Türkiyə Super Liqası klubunda futbolçular qat-qat çox əmək haqqı alır, mövsümboyu "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" kimi güclü komandalara qarşı oynayırlar. Bunlar elə avrokubok səviyyəli oyunlar olur. Hər matçı 30-40 min azarkeş izləyir. Bəs bizdə necədir? Bəzi məsələlər var ki, çox da açıb-ağartmaq istəmirsən. Bəzən stadionlarımız, ot örtüyümüz o səviyyədə olmur. Biri süni örtükdə, digəri torpaq üstündə, başqa birisi hətta süni örtüyünün də vəziyyəti yaxşı olmayan meydanda çıxış edir. Azərbaycandan təklif alan futbolçuların hamısı bunlarla maraqlanır. Yalnız avrokuboklarda oynayacaqlarını düşünərək, bura gəlmirlər. Bir var hansısa klubumuzun heyətində qitəmiqyaslı yarışlarda 5-6 oyun keçirəsən, bir də var Super Liqada mövsümboyu oynayasan.


- AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Özünüz belə problemlərdən danışdığınız halda, süni örtük problemini həll edə bilmirsiniz. Halbuki təbii örtüklü "Əlincə Arena"dan istifadə edən yoxdur...
- Bu məsələlərin hamısı toplantılarımızda müzakirə olunur. Problem ondadır ki, bizim ayrıca sponsorlarımız yoxdur. Hər bir klubun sponsoru elə onun himayədarıdır. "İnter", "Bakı", "Xəzər Lənkəran", "Simurq", AZAL kimi klubların durumu göz önündədir. Ona görə də stabillik, hər hansı klubun 20 ilədək inkişaf dövrü keçməsi başqa şeydir. Bizdə isə biri getməklə, digəri gəlməklə inkişaf olmaz. Yaxşı haldır ki, "Qarabağ" və "Qəbələ" belə çətin durumda addım-addım irəliləyir. Ona görə də hazırda klubları idarə etmək o qədər də asan deyil. Çünki hansı birini dağılmağa qoymamaq olar? Bunların hamısı dövlət səviyyəsində həllini tapmalıdır. Yəqin ki, yeni bir fikir formalaşacaq, yeni ideya ortaya çıxacaq. Ölkə futbolunun səviyyəsinin yüksəldilməsi üçün klubların sayının çoxalması və inkişaf etmələri çox önəmlidir.

 

"İnanmıram ki, "Xəzər Lənkəran" cameəsi məni günahlandırsın"

 

- "Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın yekunu daha çox "Neftçi" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlamətdar oldu. Sizcə, bu, 10 illik proqram üçün yetərlidir?
- Ən azı bunu etmişdik. Amma indi "Xəzər Lənkəran", "Bakı", "İnter" kimi klublarımız yoxdurlar. Əvvəlki kimi davam etsəydi, Azərbaycan Premyer Liqası bir çox çempionatdan geri qalmayacaqdı. Azarkeşlərimiz də gələcəkdi, nailiyyətlərimiz də çoxalacaqdı. Çünki klub nə qədər çox yaşayırsa, azarkeşi də bir o qədər çoxalır, uğurları isə artır. Hər şey yaxşı səviyyəyə çatdığı bir vaxtda klublar dağıldı, sponsorlar çıxıb getdilər. İlk dəfə dolu tribunalar qarşısında oyuna komandanı Lənkəranda oyuna çıxarmışam. Ora gedəndə özümü avrokubok oyundakı kimi hiss edirdim. Nəticədə "Xəzər Lənkəran"la görüşlərə fərqli motivasiya ilə hazırlaşırdım. Eyni qaydada futbolçularımız. Bir var ki, 10-15 min azarkeş qarşısına çıxasan, bir də var 300 tamaşaçı önündə oynayasan. İstər-istəməz oyunçularda fərqli düşüncələr yaranır.

 

- Amma "Xəzər Lənkəran" düşərgəsində hesab etmirlər ki, klub pulsuzluq üzündən dağıldı. Əksinə, iddia edirlər ki, "Qarabağ" və referi Ramil Diniyev "Xəzər Lənkəran"ın əsas komandasının sonuncu pilləyə enməsinin və dağılmasının səbəbkarlarıdır...
- İnsan birinci növbədə, günahı özündə axtarmalıdır. Əvvəla, həmin oyunadək "Xəzər Lənkəran"ın ümumi durumu necə idi? Digər tərəfdən, ondan əvvəlki mövsüm də çempion olmuşduq. Qızıl medalları təmin etdikdən sonrakı oyunumuz Lənkəran komandasına qarşı idi. Həmin vaxt da meydana ikinci heyəti buraxmışdım. Nəticədə "Xəzər Lənkəran" bizə qalib gəlmişdi. Bu mənada 8-9 oyun uduzduqdan sonra sonuncu pilləni tutmalarının səbəbkarı kimi bizi göstərmək mənə çatmır. Həm də inanmıram ki, bunu bütün "Xəzər Lənkəran" cameəsi deyir. Bir-iki nəfər belə fikir səsləndirə bilər. Klubun rəsmi şəxslərindən başqası ola bilməz. Mən o cameəni yaxşı tanıyıram. Onların mənə münasibəti həmişə yaxşı olub. Ora gedəndə həmişə oyundan əvvəl məni alqışlayıblar, tribunaya tərəf çağırıblar. O insanlar yaxşı bilirlər ki, "Xəzər Lənkəran"da vəziyyət necə idi. Klubun bu hala düşməsinin səbəbini də çox gözəl anlayırlar. İnanmıram ki, məni günahlandırsınlar.

 

- Konkret, klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bütün köşələrində, sosial şəbəkələrdəki statuslarında müntəzəm olaraq, "Qarabağ"ın "Rəvan"a bilərəkdən uduzmasına, Ramil Diniyevin isə "Xəzər Lənkəran" əleyhinə penalti təyin etməsinə eyham vurur...
- Hüseyn Cəbrayıloğlu mənim oğluma da "lipa" deyirdi. "O, "lipa" olmasa, mən futboldan gedərəm" söyləyirdi. Biz hər danışana fikir verməli deyilik ki... Özü ilə hər dəfə üz-üzə gələndə qucaqlaşıb görüşürdük. Yəni, belə fikirlər artıq geridə qaldı. Təzələmək lazım deyil. Allah şahiddir ki, həmişə haqqı qoruyub saxlamağa çalışmışam. Bütün fikirlərimi, düşüncələrimi öz planlarıma əsasən həyata keçirirəm. "Bu addımı atsam, hansısa komanda aşağı liqaya enəcək" deyə fikirləşə bilmərəm. Çünki bu, mənim yox, həmin komandanın problemidir. Mən sona 2-3 tur qalmış çempion olmuşam, əlimə şans düşüb ki, futbolçularıma istirahət verim. Çünki onların ilboyu normal istirahətə vaxtları olmayıb. 6-7 ildir çempionat, kubok, avrokuboklarda və zədələrlə mübarizə aparıblar. 10-12 gün normal istirahət edə bilməyiblər. İndi imkan var idi ki, istirahət etsinlər, amma yenə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan millisinin Şimali İrlandiya ilə seçmə oyunu ilə əlaqədar çağırıldılar. Ona görə də belə fikirlərə önəm vermək lazım deyil.

 

"Yaşar Vahabzadəyə zəng etdim, cavab vermədi"

 

- Yeri gəlmişkən, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İslamiadanın qalibi oldu. Bunu nə dərəcədə önəmli nailiyyət hesab edirsiniz?
- Hər bir turnirin qalibi olmaq həm ölkəyə, həm məşqçiyə, həm də futbolçuya böyük güvən verir. Fərqi yoxdur, zəif, orta və ya böyük turnirdir. Qalibi mühakimə etməzlər. Çox sevindim. Özüm də stadionda azarkeşlər arasında idim. Həm Yaşar Vahabzadəni, həm də futbolçuları təbrik edirəm. Belə turnirlərin qalibi olmaq futbolçuları daha da formalaşdırır, daha da güvənli, inamlı edir. Bəzən hansısa oyunu udanda və ya turnirin qalibi olanda, "Bu, nə yarış, nə komanda idi ki?!" deyirlər. Amma qalibiyyət hissini yaratmaq başqa bir şeydir. Hər bir turnirin qalibi olmağa çalışmalıyıq. Ola bilər ki, 3 il sonra bu qalibiyyətin effektini görəsən. Bir daha bütün kollektivi təbrik edirəm. Düzdür, Yaşar Vahabzadəyə zəng etdim, telefona cavab vermədi. Yəqin ki, qarışıqlıq vaxta düşüb. Sonrasını isə bilmirəm, necə oldu. Vahabzadə ilə birgə oynamışıq. Verdiyi nəticəyə sevindim. Digər tərəfdən, "Qarabağ"ın futbolçuları da İslamiadada yaxşı iştirak etdilər. Ən vacib məqam odur ki, ölkə rəhbərliyi - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva oyunda idi. Bu amil futbola sevgini daha da çoxaldır. İnsanlar rəhbərliyin oyunda olduğunu görəndə "Deməli, futbola marağı var" deyə düşünürlər. İş adamları daha da həvəslənə, futbolla yaxından maraqlana, digər məmurlar daha çox qayğı göstərə bilərlər. Belə hallar futbolumuza fayda, Oyunların qalibi olmaq isə əlavə zövq verir.

 

- Bir saatdan artıq söhbət etdik. Amma o qədər maraqlı alındı ki, vaxtın nə zaman keçdiyini bilmədik. Eyni zamanda həm bu, həm də əvvəlki müsahibələrinizdən, mətbuat konfranslarınızdakı fikirlərinizdən belə qənaətə gəlmək olar ki, suallara çox diplomatik tərzdə cavablar verirsiniz. Fikirlərinizdən heç bir xəbər çıxarmaq mümkün deyil...
- Siz jurnalistlərin xəbər yazmaq üçün Qurban Qurbanova ehtiyacları yoxdur. O qədər xəbər yazırsınız ki... Bəzən bir futbolçu ilə danışığa başlayan kimi xəbər yazırsınız ki, "Qarabağ" həmin oyunçunu aldı. Digər tərəfdən, məndə xəbər yoxdursa, hansı xəbəri verim? Hazırda bəzi mövqelər üçün oyunçularla danışıqlar gedir, amma hansınısa transfer etdiyimizə dair əlimizdə real fakt yoxdur. Necə deyim ki, o futbolçunu götürmüşük? Olsaydı, deyərdim. Xəbərlər daha çox sizdə olur, nəinki məndə (gülür - red.). O ki, qaldı diplomatik tərzə, suallarınıza görə cavablar verdim. Düşünmürəm ki, cavablarım diplomatik tərzdə oldu. 


Digər xəbərlər

Xəbər xətti