Bir neçə gün əvvəl "Qarabağ"ın futbolçusu Ağabala Ramazanov mövsümün sonunda Ağdam klubundan ayrılmaq niyyətində olduğunu və artıq "Neftçi"yə xəbər göndərdiyi barədə məlumat vermişdik.
Sportarena.az saytının əldə etdiyi məlumata görə, artıq "Neftçi" ilə Ramazanov arasında ilkin danışıqlar baş tutub. Amma tərəflər müqavilənin şərtlərində razılıq əldə edə bilməyiblər. Bunun səbəbi "Neftçi"nin son zamanlar "Qarabağ"ın əvəzedici komandasında çıxış edən hücumçuya yüksək maaş vermək istəməməsidir. Belə ki, Ağabala "Neftçi"dən aylıq 12 min manat maaş və 20 min manat ilkin ödəniş istəyir. Bu məbləğ isə "ağ-qaralar"ı razı salmır.
Paytaxt klubu öz yetirməsinə 1+2 illik şərti ilə müqavilə təklif edir. Təklifə əsasən, Ramazanov "Neftçi"də oynayacağı ilk ilində 8 min manat maaş alacaq. Klub rəhbərliyi və baş məşqçi onun çıxışından razı qalarsa, avtomatik olaraq müqavilə 2 illik uzadılacaq. Bundan sonra futbolçunun aylıq maaşı 12 min manat olacaq. "Neftçi" Ağabalaya heç bir əlavə pul ödəmək də istəmir. O, komandanın hər bir üzvü kimi qələbələrə və qazanılacaq uğurlara görə mükafatlar ala biləcək.
Bu şərtlərdə ortaq məxrəcə gələ bilməyən tərəflər danışıqları müvəqqəti dondurublar. Danışıqların ikinci mərhələsi böyük ehtimalla Premyer Liqada milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı baş tutacaq.